DÜNYA
Yaponiya, ABŞ və Böyük Britaniya birgə hərbi təlimlər keçirəcək
Tokio, 19 dekabr, AZƏRTAC
Yaponiya dəniz özünümüdafiə qüvvələri ilk dəfə ABŞ və Böyük Britaniyanın hərbi-dəniz qüvvələri ilə birlikdə təlimlər keçirəcək.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, təlimlər cari həftənin sonlarında Yaponiyanın cənubunda, Sakit okeanda təşkil ediləcək.
Təlimlərdə özünümüdafiə qüvvələrinin böyük “İzumo” esminesi, Böyük Britaniyanın kral hərbi-dəniz qüvvələrinin “Argyll” gəmisi və ABŞ-a məxsus hərbi gəmi iştirak edəcək. Dekabrın 22-də başlayacaq təlimlər zamanı komandanlıq hər bir gəmi üçün konkret vəzifə müəyyənləşdirəcək və münaqişəli vəziyyətlər də daxil olmaqla, müxtəlif ssenarilər üzrə informasiya mübadiləsi prosedurları həyata keçiriləcək.
Təlimlər, çox güman ki, Çinin artan dəniz fəallığı fonunda üç dövlətin müttəfiqliyini nümayiş etdirmək məqsədi daşıyır.
Yaponiya hökuməti tərəfindən dekabrın 18-də bəyənilən aralıq proqrama əsasən, ölkə ikitərəfli və çoxtərəfli hərbi təlimlərdə fəal iştirak edəcək. Bu, özünümüdafiə qüvvələrinə digər ölkələrin müvafiq qurumları ilə əməkdaşlığı möhkəmləndirmək imkanı qazandıracaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio