DÜNYA
Yaponiya, ABŞ və Koreya Respublikası liderləri G7 sammitində KXDR məsələsini müzakirə edə bilərlər
Tokio, 2 iyun, AZƏRTAC
Yaponiyanın Baş naziri Yoşihide Suqa, ABŞ Prezidenti Co Bayden və Koreya Respublikasının Prezidenti Mun Ce-in G7 ölkələrinin Böyük Britaniyada keçiriləcək sammitində Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə bağlı məsələni birlikdə müzakirə edə bilərlər.
AZƏRTAC xəbər verir ki, bu barədə iyunun 2-də “Yomiuri shimbun” qəzeti Yaponiya hökumətindəki mənbələrə istinadla məlumat yayıb. Bildirilir ki, belə bir görüşün keçirilməsi barədə təşəbbüs ABŞ hökuməti tərəfindən irəli sürülüb. Görüşdə tərəflərin KXDR problemi və bununla əlaqədar əməkdaşlıq məsələsini müzakirə edəcəyi bildirilir. Bu, üç ölkə lideri arasında 2017-ci ilin sentyabrından sonra baş tutacaq ilk yüksəksəviyyəli görüş olacaq.
Xatırladaq ki, mayın 5-də Yaponiyanın xarici İşlər naziri Toşimitsu Moteqi Cənubi Koreyadan olan həmkarı Çon Iy Yon və ABŞ-ın Dövlət katibi Entoni Blinkenlə Londonda keçirilən görüşləri zamanı üç ölkənin KXDR-in nüvə silahının ləğvi məsələsinə sadiqliyini təsdiq ediblər.
Qeyd edək ki, Böyük Britaniya Avropa Şurasının, Avropa Komissiyasının, Avstraliya, Cənubi Koreya və Cənubi Afrika liderlərinin və DTT-nin yeni Baş direktorunun da dəvət olunduğu G7 ölkələrinin sammitini iyunun 11-13-də Atlantik okeanı sahillərində yerləşən Karbis-Bey kurort şəhərində keçirməyi planlaşdırır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio