SİYASƏT
Yaponiya Azərbaycan ilə əlaqələrin genişləndirilməsinə böyük əhəmiyyət verir
Bakı, 20 may, AZƏRTAC
Yaponiya Azərbaycan ilə əlaqələrin genişləndirilməsinə böyük əhəmiyyət verir. Azərbaycan-Yaponiya Hökumətlərarası İqtisadi Komissiyasının növbəti iclasının ən qısa müddətdə keçirilməsi vacibdir. Yaponiya Azərbaycan ilə enerji, sənaye, kənd təsərrüfatı, yüksək texnologiyalar və digər qeyri-neft sektoru sahələrində əməkdaşlıqda maraqlıdır.
Bu fikirləri Yaponiyanın Xarici İşlər Nazirliyinin Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Toşihiro Aiki mayın 20-də Azərbaycan və Yaponiya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası çərçivəsində xarici işlər nazirinin müavini Xələf Xələfovla görüşdə bildirib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə X.Xələfov ölkəmizin Yaponiya ilə əlaqələrinin inkişafına xüsusi önəm verdiyini qeyd edərək, siyasi məsləhətləşmələrin növbəti iclasının ikitərəfli münasibətlərin və siyasi dialoqun daha da güclənməsinə xidmət etdiyini bildirib. Azərbaycan və Yaponiya arasında həm ikitərəfli, həm də çoxtərəfli əsasda münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə edən nazir müavini Yaponiyanın Azərbaycan üçün etibarlı tərəfdaş olduğunu qeyd edib.
O, iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsinə yüksək səviyyəli səfər mübadilələrinin xüsusi töhfə verdiyini diqqətə çatdıraraq bu istiqamətdə qarşılıqlı fəaliyyətin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb. Eyni zamanda, hər iki ölkənin parlamentləri və hakim partiyaları arasında əməkdaşlıq səviyyəsi yüksək qiymətləndirilib.
Nazir müavini Azərbaycan-Yaponiya Hökumətlərarası İqtisadi Komissiyasının fəaliyyətinə toxunaraq iqtisadiyyat və enerji sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların mövcud olduğunu vurğulayıb. O, regionda irimiqyaslı nəqliyyat və enerji layihələrinin həyata keçirilməsində Azərbaycanın rolu haqqında məlumat verərək Yaponiyanın regional əməkdaşlıq çərçivəsində sözügedən layihələrdə gələcəkdə də iştirakının mümkünlüyünü deyib. Yapon şirkətlərinin Azərbaycandakı fəaliyyəti haqqında danışan X.Xələfov onları sənaye, kənd təsərrüfatı, informasiya texnologiyaları, istehsalat, səhiyyə, əczaçılıq və turizm kimi sahələrdə daha fəal olmağa dəvət edib.
Nazir müavini iki ölkə arasında humanitar, mədəniyyət, elm və təhsil sahələrində son illər ərzində həyata keçirilən əməkdaşlığı yüksək qiymətləndirərək bu istiqamətdə qarşılıqlı əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Ermənistan-Azərbaycan münaqişəsinə toxunan X.Xələfov Ermənistan silahlı qüvvələrinin təmas xəttində azərbaycanlı mülki əhaliyə qarşı törətdiyi son təxribatlar, eləcə də ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada münaqişə ilə bağlı yüksək səviyyəli görüşü haqqında məlumat verib. Nazir müavini ATƏT-in Minsk qrupunun üzvləri də daxil olmaqla, beynəlxalq ictimaiyyətin işğala əsaslanan mövcud status-kvonun qəbuledilməz olduğu faktını təsdiq etdiyini xatırladıb. Bu baxımdan BMT TŞ-nin məlum qətnamələrinin dərhal həyata keçirilməsinin zəruriliyini qeyd edib.
Toşihiro Aiki Yaponiyanın Azərbaycan ilə xüsusi münasibətlərə malik olduğunu vurğulayaraq, bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu bildirib. Yüksək səviyyəli dövlət rəsmilərinin səfər mübadiləsinin həyata keçirilməsinin ikitərəfli münasibətlərin inkişafında önəmini vurğulayan yaponiyalı diplomat ölkələrimiz arasında siyasi dialoqun davam etdirilməsinin vacibliyini nəzərə çatdırıb. Həmçinin parlamentlər və iqtidar partiyaları arasında əməkdaşlığın gələcək inkişafında Yaponiyanın maraqlı olduğunu bildirib. O, Azərbaycanın regionda sülh, sabitlik və enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfələrin ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib.
Humanitar, mədəniyyət, elm və təhsil sahəsində əməkdaşlığa toxunan yaponiyalı diplomat iki ölkə arasında müxtəlif mədəni tədbirlərin təşkil olunması, regionlar arasında təmasların artırılması, universitetlər arasında tələbə və müəllimlər üçün müxtəlif mübadilə proqramlarının həyata keçirilməsinin əhəmiyyətini qeyd edib. Bu baxımdan, ADA Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Dillər Universiteti ilə Yaponiyanın bir sıra ali təhsil ocaqları arasında həyata keçirilən əməkdaşlığın təqdirəlayiq olduğunu nəzərə çatdırıb.
Ermənistan-Azərbaycan münaqişəsinə toxunan Toşihiro Aiki ölkəsinin münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh yolu ilə həllini dəstəklədiyini bildirib. Həmçinin son hadisələr də daxil olmaqla, bu münaqişə nəticəsində Azərbaycan vətəndaşlarının həlak olması ilə bağlı başsağlığını ifadə edib.
Görüşdə, həmçinin GUAM-Yaponiya əməkdaşlığının perspektiv inkişafı kimi məsələlərə dair fikir mübadiləsi aparılıb.
Eyni zamanda, beynəlxalq təşkilatlarda qarşılıqlı faydalı əməkdaşlıq və hər iki ölkənin yerləşdiyi regionlarda mövcud siyasi, təhlükəsizlik və iqtisadi vəziyyət ətraflı müzakirə olunub.