İQTİSADİYYAT
Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi “Azərsu”nun Mərkəzi Laboratoriyasına müasir cihazlar təqdim edib
Bakı, 13 mart, AZƏRTAC
Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) qrant layihəsi çərçivəsində ilk dəfə olaraq “Azərsu” ASC-nin Mərkəzi Laboratoriyasına müasir cihazlar təqdim olunub.
ASC-dən AZƏRTAC-a bildirilib ki, Mərkəzi Laboratoriyanın müdiri Elçin Əliyevin təqdim etdiyi “Masallı, Quba, Beyləqan və Ucar regional laboratoriyaları üçün içməli suda xlorun ölçülməsi üçün portativ kolorimetrinin alınması” layihəsi daha səmərəli və perspektivli dəyərləndirilərək cihaz və avadanlıqların alınmasına müsbət qərar verilib. Ümumi dəyəri 4000 ABŞ dolları olan qrant hesabına əvəzsiz olaraq verilən bu cihazlar Mərkəzi Laboratoriyanın tabeliyində olan Masallı, Quba, Beyləqan və Ucar regional laboratoriyalarının istifadəsinə veriləcək. Yeni cihazlar hesabına müvafiq analizlərin aparılması daha operativ şəkildə həyata keçiriləcək.
Hazırda “Azərsu” ASC-nin 9 şəhərdə regional laboratoriyası fəaliyyət göstərir. Regional laboratoriyalar Azərbaycanın ən ucqar ərazisində yerləşən mənbələrdəki suyun keyfiyyət göstəricilərini nəzarətdə saxlamağa imkan yaradır.
2019-cu ildə Mərkəzi Laboratoriya tərəfindən 101 min su nümunəsi üzrə 400 mindən çox analiz aparılıb.