DÜNYA
Yaponiya, Çin və Koreya Respublikasının xarici işlər nazirləri Tokioda görüşəcəklər
Tokio, 17 avqust, AZƏRTAC
Yaponiya, Çin və Koreya Respublikasının xarici işlər nazirləri avqustun 23-24-də Tokioda görüşməyi planlaşdırırlar. Bu barədə Kyodo agentliyi hökumətdəki mənbələrə istinadla məlumat yayıb.
Məlumatda həmin görüşün yüksək səviyyəli üçtərəfli sammitə hazırlıqla bağlı olduğu qeyd edilir. Yaponiyanın Baş naziri Şinzo Abe yanvar ayında parlamentdə çıxışı zamanı cari ildə üçtərəfli yüksək səviyyəli görüşü təşkil etməyin mümkün olacağına ümidvar olduğunu bildirib.
Üç ölkənin xarici işlər nazirləri son dəfə 2015-ci ilin martında Seulda görüşərək müzakirələr aparıblar. Bu, son üç ildə tərəflərin birlikdə keçirdiyi ilk görüş olub. Bundan sonra noyabrda Seulda üç ölkənin yüksək səviyyəli rəhbərlərinin iştirakı ilə sammit keçirilib. Həmin vaxt Koreya Respublikasının Prezidenti Pak Kın He, ÇXR-in Dövlət Şurasının Baş naziri Li Keçyan və Yaponiya hökumətinin başçısı Şinzo Abe iqtisadi əlaqələr də daxil olmaqla bir çox sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər. Görüşdə regional və beynəlxalq problemlər barədə də fikir mübadiləsi aparılıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio