DÜNYA
Yaponiya, Cənubi Koreya və ABŞ hərbçiləri Şimali Koreyanın raket proqramını müzakirə edəcəklər
Tokio, 29 mart, AZƏRTAC
Yaponiya qərargah rəisləri komitəsinin sədri Kozi Yamazaki ABŞ və Cənubi Koreyadan olan həmkarları Mark Milli və Von İn Çhol ilə martın 30-da Havay adalarında görüşəcək.
AZƏRTAC xəbər verir ki, görüşdə Koreya yarımadasında və Şimal-Şərqi Asiyada sülhün və sabitliyin qorunması, Asiya-Sakit okean regionunda vəziyyət və Şimali Koreyanın son raket buraxılışları fonunda əməkdaşlıq məsələləri müzakirə ediləcək.
Qeyd edək ki, üç ölkənin qərargah rəisləri komitələrinin başçıları son dəfə ötən ilin aprelində bir araya gəliblər. Həmin vaxt da onlar Şimali Koreyanın nüvə və raket proqramlarının yaratdığı təhdidlər və buna qarşı əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Xatırladaq ki, Şimali Koreyanın silahlı qüvvələri 2022-ci il martın 24-də ölkə başçısı Kim Çen Inın göstərişi ilə qitələrarası ballistik raketin sınağını keçiriblər. Şimali Koreya rəhbərliyi bu addımın ABŞ tərəfindən artan hərbi təhdidə qarşı atıldığını bildirib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio