DÜNYA
Yaponiya Filippinin Mindanao adasına uzunmüddətli yardım vəd edib
Tokio, 11 fevral, AZƏRTAC
Yaponiya Filippinin Mindanao adasında sülh prosesini dəstəkləmək üçün uzunmüddətli yardım göstərməyə hazır olduğunu bildirib.
AZƏRTAC xəbər verir ki, Filippində səfərdə olan Yaponiyanın xarici işlər naziri Taro Kono bu barədə həmkarı Teodoro Loksin ilə görüşü zamanı deyib. Görüş Filippinin cənubunda yerləşən Davao adasında keçirilib.
2014-cü ildə əldə edilən razılaşmaya əsasən, Mindanao adasında müsəlman muxtar hökumətinin yaradılması istiqamətində işlər davam etdirilir. Həmin razılaşma regionda yaşayan müsəlmanlar üçün muxtar hökumətin təşkilini nəzərdə tutur.
T.Kono T.Loksinə bildirib ki, Yaponiya regiondakı yaraqlıların tərksilah edilməsi və iqtisadiyyatın bərpası məqsədilə uzunmüddətli yardım göstərməyə hazırdır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio