REGİONLAR
Yaponiya Hökumətinin maliyyə dəstəyi ilə Tərtər və Bərdənin 9 kəndində suvarma sistemi bərpa edilib VİDEO
Bərdə, 23 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Yaponiya Hökumətinin “Ot kökləri və İnsan Təhlükəsizliyi" üzrə Qrant Yardım Proqramı çərçivəsində həyata keçirilən “Tərtər rayonunun 6 kəndində və Bərdə rayonunun 3 kəndində suvarma təchizatının yaxşılaşdırılması” layihəsi başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə Tərtər və Bərdə rayonlarına səfər edən Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi əvvəlcə rayon icra hakimiyyətlərində olub. Görüş zamanı səfirə rayon haqqında məlumat verilib, eyni zamanda Yaponiya Hökumətinin qrant yardımı proqramı çərçivəsində reallaşdırılan layihələrdən danışılıb.
Sonra Tərtər rayonunun Köçərli və Bərdə rayonunun Körpüsındıran kəndlərində bərpa edilən subartezian quyularına baxış keçirilib. Bildirilib ki, “Tərtər rayonunun 6 kəndində və Bərdə rayonunun 3 kəndində suvarma təchizatının yaxşılaşdırılması” layihəsi üzrə qrant müqaviləsi Yaponiya səfirliyi ilə “Aran Humanitar Regional İnkişaf" İctimai Birliyi arasında 2019-cu ilin dekabrında imzalanıb. Layihənin əsas məqsədi Tərtər rayonunun 6, Bərdə rayonunun 3 kəndində mövcud subartezian quyularını təmir etməklə, 481 hektar ərazinin səmərəli istifadəsinə nail olmaqdır. Layihədən Tərtər rayonunun Azad Qaraqoyunlu, Bayandurlu, Bəyimsarov, Kəbirli, Köçərli, Xoruzlu, Bərdə rayonunun Qasımbəyli, Kələntərli və Körpüsındıran kəndlərinin ümumilikdə 1500 nəfər sakini bəhrələnəcək.
Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi layihənin əkinlərin suvarma suyu ilə təminatına töhfə verəcəyinə əminliyini bildirib: "Yaponiya Hökumətinin həyata keçirdiyi “Ot kökləri və İnsan Təhlükəsizliyi" üzrə Qrant Yardımı Proqramı çərçivəsində Tərtərin 6, Bərdənin 3 kəndində subartezian quyuları təmir olundu. Bu layihənin icrası nəticəsində əldə olunan suyun əhali tərəfindən kənd təsərrüfatında istifadə olunduğunu eşitdim və buna görə çox şadam. Bundan sonra kənd əhalisindən subartezianlardan ehtiyatla istifadə etməsini və bu quyuların əhaliyə uzun müddət xidmət etməsini arzulayıram. Yaponiya hökuməti bundan sonra da Azərbaycanın müxtəlif bölgələrinin əhalisinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində öz töhfəsini verəcək".
Kənd sakinləri həyata keçirilən layihəyə görə Yaponiya hökumətinə minnətdarlığını bildiriblər.