DÜNYA


Yaponiya İmperatoru hökumətin yeni tərkibini təsdiq edib

Tokio, 10 avqust, AZƏRTAC

Avqustun 10-da Yaponiyanın İmperatoru Naruhito Baş nazir Fumio Kişidanın apardığı dəyişikliklərdən sonra hökumətin yeni tərkibini təsdiq edib.

AZƏRTAC xəbər verir ki, hökumətin yeni tərkibinin təsdiqi ilə əlaqədar mərasim Tokioda yerləşən İmperator sarayında keçirilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin tərkibinin təsdiq olunması prosedura Yaponiya Konstitusiyasına əsasən keçirilən əsas proseduralardan biridir. Mərasim zamanı nazirlər bir-bir monarxın imzası ilə təsdiq edilmiş təyinat vərəqələrini alırlar.

Baş nazir Fumio Kişidanın rəhbərlik etdiyi ikinci kabinetin tərkibində xarici işlər naziri Yoşimasa Hayaşi, maliyyə naziri Syuniçi Suzuki, dövlət torpaqları, infrastruktur, nəqliyyat və turizm naziri Tetsuo Sayto, həmçinin iqtisadiyyatın bərpası naziri Dayşiro Yamaqiva vəzifələrini saxlayıblar. Həmçinin Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno vəzifəsində qalıb.

Yaponiyanın müdafiə naziri vəzifəsinə 2008-2009-cu illərdə həmin vəzifədə olmuş Yasukazu Hamada təsdiq olunub. Bununla yanaşı, hökumətə bəzi təcrübəli siyasətçilər, o cümlədən xarici işlər və müdafiə nazirliklərinə rəhbərlik etmiş Taro Kono rəqəmsallaşma və İKT sahəsi üzrə nazir təyin edilib. Hakim Liberal Demokratik Partiyanın (LDP) siyasi şurasının rəhbəri olmuş Sanae Takaiçi isə iqtisadi təhlükəsizlik naziri təyin edilib.

Bundan əlavə, sabiq səhiyyə, əmək və sosial təminat naziri və Nazirlər Kabinetinin baş katibi Katsunobu Kato əvvəlki nazir portfelini qaytarıb. Yasutoşi Nişimura isə iqtisadiyyat, ticarət və sənaye naziri, həmçinin Rusiya ilə iqtisadi əməkdaşlığa məsul nazir vəzifəsinə təyin edilib.

Ümumilikdə, Nazirlər Kabinetinin tərkibində olan 19 nazirdən 9-u ilk dəfə hökumətin tərkibinə daxil edilib.

 
Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.