DÜNYA


Yaponiya İmperatorunun taxta çıxması ilə əlaqədar mərasimlər başlayıb

Tokio, 22 oktyabr, AZƏRTAC

Tokioda Yaponiya İmperatoru Naruhitonun taxta çıxması ilə əlaqədar oktyabrın 22-nə nəzərdə tutulan tədbirlər başlayıb.

AZƏRTAC xəbər verir ki, yerli vaxtla saat 9-da İmperator Naruhito ictimaiyyət üçün bağlı olan ayinləri icra edərək öz əcdadlarına və Allahlara taxta çıxması barədə rəmzi məlumat verib. Yerli kanallar birbaşa yayımla ağ paltar və qara papaq geymiş monarxın saray əyanlarının müşayiəti ilə üç müqəddəs məbədi ziyarət etməsini yayımlayıblar.

İlkin olaraq 59 yaşlı Naruhito imperatorlar sülaləsinin mifik əcdadı hesab edilən Günəş İlahəsi Amaterasunun məbədinə gələrək ona ünvanlanan müraciətini oxuyub.

Sonra o, buna bənzər ayinləri keçmiş İmperatorlara və digər Allahlara həsr edilmiş məbədlərdə də icra edib. Əllərində İmperatorun reqaliyalarını – qılınc və yaşma daşını tutmuş saray əyanları onu müşayiət ediblər.

Bundan sonra 55 yaşlı İmperatriçə Masako da eyni ayinləri təkrarlayıb.

Qeyd edək ki, İmperator Naruhitonun taxta çıxması ilə əlaqədar əsas mərasim bu gün yerli vaxtla saat 13:00-da İmperator Sarayının fəxri Matsu-no ma (Şam ağacı) zalında keçiriləcək. Çoxsaylı əcnəbi qonaqların da qatılacağı həmin tədbirin 30 dəqiqə davam edəcəyi bildirilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.