DÜNYA
Yaponiya İndoneziyaya zəlzələdən zərər çəkən rayonların bərpasında kömək edəcək
Tokio, 15 oktyabr, AZƏRTAC
Yaponiya İndoneziyaya Sulavesi adasında baş verən güclü zəlzələdən və sunamidən zərər çəkən rayonların bərpası məqsədilə əsas planın hazırlanmasında kömək etmək niyyətindədir.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, Yaponiya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (JICA) prezidenti Şiniçi Kitaoka və İndoneziya milli inkişafın planlaşdırılması naziri Bambanq Broconeqoro oktyabrın 14-də bu barədə razılıq əldə ediblər.
Xatırladaq ki, sentyabrın 28-də baş vermiş təbii fəlakət nəticəsində İndoneziyada 2 mindən çox insan həlak olub, Palu şəhəri daxil olmaqla sahil rayonlarına böyük ziyan dəyib. Bir çox rayonlarda böyük dağıntılar qeydə alınıb.
Əldə edilən razılaşmaya əsasən, JICA faktların dəqiqləşdirilməsi üçün Sulavesiyə xüsusi qrup göndərəcək.
İndoneziyalı nazir bildirib ki, Yaponiya da onun ölkəsi kimi təbii fəlakətlərlə çox qarşılaşıb və İndoneziya zərərçəkmiş rayonların bərpası sahəsində Yaponiyanın təcrübəsini öyrənmək niyyətindədir. Nazir əmin olduğunu deyib ki, JICA İndoneziyanın yaşayış məntəqələrinin təbii fəlakətlərə qarşı daha dayanıqlı olmasına yardım edəcək.
Ş.Kitaoka öz növbəsində qeyd edib ki, JICA-nın nümayəndələri dəyən zərərin miqdarının müəyyən olunmasında və bərpa işlərində öz məsələhətlərini verməyə hazırdırlar.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio