SİYASƏT


Yaponiya KİV-ləri Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatı barədə məlumatlar yayıb

Tokio, 28 sentyabr, AZƏRTAC

Yaponiya kütləvi-informasiya vasitələri (KİV) də sentyabrın 27-də səhər saatlarında Ermənistan ordusunun Dağlıq Qarabağda Azərbaycana qarşı növbəti təxribatı və ordumuzun mülki vətəndaşların təhlükəsizliyini təmin etmək üçün cavab tədbirləri barədə məlumatlar yayıb.

AZƏRTAC xəbər verir ki, Yaponiyanın NHK telekanalı, Kyodo, Jıjı Press kimi nüfuzlu agentlikləri, “Mainichi shimbun”, “Yomiuri shimbun” qəzetləri və digər KİV-ləri bölgədə vəziyyətin gərgin olduğunu, döyüşlərin daha böyük qarşıdurmaya səbəb ola biləcəyini yazıblar.

Məqalələrdə münaqişənin tarixinə toxunularaq Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğu, lakin SSRİ-nin dağılması ərəfəsində Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyi vurğulanır.

Yazılarda Azərbaycan ərazisi olan Dağlıq Qarabağda münaqişənin 1988-ci ildə başlandığı, təqribən altı il davam edən döyüşlərin 1994-cü ildə atəşkəs barədə razılıqla başa çatdığı qeyd edilir. Bildirilir ki, Azərbaycan ərazilərinin işğalı ilə razılaşmır və qarşıdurma bu gün də davam etməkdədir. Yapon oxucular iyul ayında ermənilər tərəfindən Tovuz istiqamətində törədilən təxribatlar barədə də məlumatlandırılır.

Məqalələrdə Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində çıxışı zamanı Ermənistanın daha böyük müharibəyə hazırlaşması barədə xəbərdarlıq etdiyi vurğulanıb.

Azərbaycan Müdafiə Nazirliyinə istinad edilən yazılarda, həmçinin cəbhədəki vəziyyət və erməni təxribatları barədə məlumatlara geniş yer verilib.

Məlumatlarda Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətinə də xüsusi yer ayrılıb və onun sözləri sitat gətirilib: “Biz öz torpağımızda döyüşürük. Biz qalib gələcəyik”.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.