DÜNYA
Yaponiya Kuril adalarında raket komplekslərinin yerləşdirilməsinə etirazını bildirib
Tokio, 25 noyabr, AZƏRTAC.
Yaponiya Cənubi Kurildə raket komplekslərinin yerləşdirilməsi ilə əlaqədar Rusiya tərəfinə etirazını bildirib. Bu barədə Yaponiyanın xarici işlər naziri Fumio Kişida bəyan edib.
Noyabrın 22-də Sakit okean donanmasının rəsmi qəzeti məlumat yayaraq bildirib ki, Kuril adalarında “Bal” və “Bastion” raket kompleksləri yerləşdirilib. Bundan sonra Yaponiya xarici işlər naziri Moskvanın bu hərəkətinə müvafiq formada cavab veriləcəyini bildirib.
F.Kişidanın parlamentin aşağı palatasının təhlükəsizlik komitəsində dediyi sözləri sitat gətirən Kyodo agentliyi yazır: “Ümid edirəm ki, siz bizim etiraz etdiyimizi başa düşürsünüz”.
Həmin ərəfədə Baş nazir Şinzo Abe də təəssüf hissi keçirdiklərinin diplomatik kanallar vasitəsilə çatdırıldığını bildirib.
Yaponiyanın müdafiə naziri Tomomi İnada güman etdiyini bildirib ki, Rusiya bu raketləri Oxot dənizindəki sualtı qayıqların təhlükəsizliyi məqsədilə yerləşdirib. T.İnadanın sözlərinə görə, həmin raketlərin uçuş məsafəsi Yaponiyanın şimal adası olan Hokkaydonun şərq sahillərinə çatır.
Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa da öz növbəsində həmin raketlərin yerləşdirilməsinin qəbuledilməz olduğunu deyib.
Rusiya Xarici İşlər Nazirliyi isə bildirib ki, həmin raketlərin Kuril adalarında yerləşdirilməsi plana uyğundur və ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəldilib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Moskvanın bu addımının müəyyən əsasları var və bu, Yaponiya ilə münasibətlərə təsir göstərməməlidir.
Məlumat üçün bildirək ki, “Bastion” raket kompleksi 600 kilometr məsafədə sahil mühafizəsi üçün nəzərdə tutulub və müxtəlif tip gəmiləri məhv etməyə qadirdir. “Bal” raket komplekslərinə isə gəmilərə qarşı X-35 raketləri daxildir və bu raketlər 125 kilometr məsafədə hədəfləri məhv etmək iqtidarındadır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio