DÜNYA
Yaponiya Liberal Demokratik Partiyası üç dairədə keçirilən parlament seçkilərində məğlub olub
Tokio, 26 aprel, AZƏRTAC
Yaponiyanın hakim Liberal Demokratik Partiyası (LDP) aprelin 25-də üç dairədə keçirilən parlament seçkilərində qələbə qazana bilməyib.
AZƏRTAC xəbər verir ki, bu, LDP sədri Yoşihide Suqa ötən ilin sentyabrında Baş nazir seçildikdən sonra parlamentə keçirilən ilk seçkilər idi.
Müxalifət partiyaları tərəfindən dəstəklənən namizədlər parlamentin yuxarı palatasına Hiroşima seçki dairəsi üzrə keçirilən təkrar, Naqano və Hokkaydo dairələri üzrə isə əlavə seçkilərdə qalib gəliblər.
LDP Hokkaydo seçki dairəsi istisna olmaqla, digər iki seçki dairəsi üzrə namizədlərini irəli sürmüşdü.
Hiroşima və Hokkaydo dairələrində seçkilər LDP-dən olan deputatların səslərin alınması və rüşvət vermə ilə əlaqədar yaranan qalmaqallara görə istefa vermələrindən sonra elan edilmişdi.
Hakim düşərgədə bəziləri bu seçkilərin Y.Suqanın rəhbərlik etdiyi hökumətə birbaşa təsir etməyəcəyini bildirərək, bu uğursuzluğu həmin dairələrin hər birində siyasətlə pul arasında yaranan problemlə izah edirlər.
Digərləri isə məğlubiyyətin kökündə seçicilərin hökumətin koronavirus pandemiyasına qarşı gördüyü tədbirlərdən narazılığının dayanması ilə izah edirlər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio