DÜNYA
Yaponiya MOK sədri ilə bağlı təhqiqat Olimpiya Oyunlarına hazırlığa təsir etməyəcək
Tokio, 16 yanvar, AZƏRTAC
Yaponiya Milli Olimpiya Komitəsinin (MOK) sədri Tsunekazu Takeda ilə bağlı təhqiqat “Tokio-2020” Olimpiya Oyunlarına hazırlığa təsir etməyəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Tokio-2020” Olimpiya Oyunlarının Təşkilat Komitəsi sədrinin müavini Masa Takaya deyib.
Xatırladaq ki, “Le Monde” qəzeti dekabrda Fransa prokurorluğunun T.Takedaya qarşı Olimpiya Oyunlarının Tokioda keçirilməsi üçün təşkil olunan seçkilərdə qalib gəlməsi məqsədilə rüşvət verməsi ittihamı irəli sürməsi barədə məlumat yayıb. T.Takeda Oyunların Tokioda keçirilməsi üçün kampaniyaya rəhbərlik edib. Beynəlxalq Olimpiya Komitəsinin etika komissiyası da yanvarın 11-də T.Takedaya qarşı təhqiqat işi başlayıb.
“Bu təhqiqat Olimpiadaya hazırlığa təsir göstərməyəcək. Təşkilat Komitəsinin missiyası Oyunların yüksək səviyyədə təşkilidir. Biz gücümüzü bu istiqamətə yönəldəcəyik. Tokio səsvermədə ən yaxşı təqdimata görə qalib gəlib. Təşkilat Komitəsi isə Oyunların yerinin seçilməsindən sonra yaradılıb və buna görə də biz seçkilərin detalları barədə məlumata malik deyilik”, - deyə M.Takaya bildirib.
T.Takeda özü müstəntiqlər tərəfindən dindirildiyini təsdiq etsə də, ona qarşı irəli sürülən korrupsiya ittihamını rədd edir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio