DÜNYA


Yaponiya Malayziyaya maddi yardım göstərəcək

Tokio, 6 noyabr, AZERTAC 

Yaponiyanın Baş naziri Şinzo Abe bildirib ki, ölkəsi Malayziyaya maddi yardım göstərməyi planlaşdırır.

AZƏRTAC xəbər verir ki, Şinzo Abe noyabrın 6-da Tokioda Malayziyanın Baş naziri Mahathir Məhəmmədlə görüşüb. Bu, iki ölkə liderinin iyundan bəri ikinci görüşüdür.

Liderlər Malayziyanın 200 milyard yen məbləğində uzunmüddətli istiqrazlar buraxmaq barədə təklifinin həyata keçirilməsi barədə razılığa gəliblər.

Xatırladaq ki, Malayziya hökumətinin “samuray” istiqrazı adlandırdığı qiymətli kağızlar Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Bankının zəmanəti ilə buraxılacaq. Bu, Malayziyaya borclarla bağlı problemi həll etməyə kömək edəcək. İstiqrazların buraxılması gələn ilin martına planlaşdırılır.

Bundan əlavə, liderlər Hind və Sakit okean regionlarında naviqasiyanın azad və açıq saxlanılması məqsədilə Cənub Çin dənizində təhlükəsizliyin təmin edilməsi üçün əməkdaşlığı gücləndirmək barədə də razılığa gəliblər.

Danışıqlardan sonra təşkil olunan mətbuat konfransında Ş.Abe deyib ki, o, ölkənin dirçəlişi üçün yenidən Baş nazir olmağa razılıq verdiyinə görə Mahathir Məhəmmədə böyük hörmətlə yanaşır. Baş nazir, həmçinin bildirib ki, Yaponiya Malayziya ilə bir çox sahələrdə əməkdaşlığın genişləndirilməsini arzulayır.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.