DÜNYA


Yaponiya Meteorologiya Agentliyi fövqəladə xəbərdarlıq yayıb

Tokio, 12 oktyabr, AZƏRTAC

Yaponiya Meteorologiya Agentliyi leysan yağışlarla əlaqədar Tokioda və ətraf prefekturalarda fövqəladə vəziyyətlə bağlı xəbərdarlıq yayıb.

AZƏRTAC xəbər verir ki, agentlik beş ballıq cədvəl üzrə ən yüksək təhlükə dərəcəsi elan edib. Xəbərdarlığın əsasən Şizuoka, Kanaqava, Saytama, Qunma, Yamanaşi və Naqano prefekturalarına və Tokio rayonuna aid olduğu bildirilir.

Həmin prefekturalarda güclü leysan yağışlar müşahidə edilir. Bununla əlaqədar torpaq sürüşmələri və daşqınlar gözlənilir. Tufanın mərkəzində küləyin sürətinin saniyədə 45 metrə, daha sürətlə əsdikdə 60 metrə çatdığı bildirilir. Belə güclü külək həm Tokay, həm də Kanto-Koşin regionlarında gözlənilir.

Agentliyin bildirdiyinə görə, şənbə gününün ikinci yarısı Tokay və Kanto regionlarına çatacaq tufan öz miqyasını və gücünü saxlayacaq.

Qeyd edək ki, beşinci dərəcəli xəbərdarlıq təbii fəlakətin indiki anda baş verdiyi deməkdir. Həmin ərazilərin əhalisinə çağırış edilib ki, öz təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirlər görsünlər.

İnsanlar təxliyə mərkəzlərinə doğru hərəkətin təhlükəli olduğunu hesab edirlərsə, bu zaman hakimiyyət orqanları onlara daha yuxarı mərtəbələrə və ya yaxınlıqdakı daha möhkəm binalara sığınmağı məsləhət görür.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.