İDMAN


Yaponiya Milli Olimpiya Komitəsinin korrupsiyada ittiham edilən sədrinin istefası tələb olunacaq

Tokio, 16 fevral, AZƏRTAC

Yaponiya Milli Olimpiya Komitəsinin sədri Tsunekazu Takedanın istefası tələb ediləcək. O, 2020-ci ildə XXXII Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək şəhərlə bağlı keçirilən seçkilərdə Afrika nümayəndələrini ələ almaq məqsədilə korrupsiya əməllərində ittiham olunur.

AZƏRTAC xəbər verir ki, bu barədə fevralın 16-da Kyodo agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, Fransanın hüquq-mühafizə orqanlarının korrupsiyada ittiham etdiyi T.Takeda yaxın zamanlarda rəsmi və çoxsaylı istefa tələbi ilə üzləşəcək.

Milli Olimpiya Komitəsi rəhbərliyinə cari ilin yayında keçiriləcək seçkilər zamanı T.Takeda çox güman ki, sədr vəzifəsini itirəcək. Yeni sədr vəzifəsinə potensial namizəd kimi Yaponiya Cüdo Assosiasiyasının sədri Yaşuhiro Yamasitanın şansları yüksək qiymətləndirilir.

Fransalı müstəntiqlər T.Takedaya qarşı korrupsiya ittihamını məhz Yaponiya Milli Olimpiya Komitəsinin sədri vəzifəsinə keçiriləcək seçkilər ərəfəsində irəli sürüblər. İstintaqın qənaətinə görə, Olimpiya Oyunları üçün 2013-cü ildə paytaxt seçilərkən Yaponiya tərəfinin apardığı gizli bank əməliyyatları Afrika ölkələri nümayəndələrinin Tokionun lehinə səs verməsi ilə nəticələnib. Bu işdə T.Takedanın sanksiyasının mühüm rol oynadığı güman edilir. T.Takeda isə bunun mümkün olmadığını deyir.

Xatırladaq ki, Tokioda Yay Olimpiya Oyunları 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilək.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.