DÜNYA
Yaponiya Müdafiə Nazirliyi qırıcı təyyarələri qanadlı raketlərlə təchiz etmək niyyətindədir
Tokio, 6 dekabr, AZƏRTAC
Yaponiyanın Müdafiə Nazirliyi növbəti maliyyə ilində qırıcı təyyarələri uzaq radiuslu qanadlı raketlərlə təchiz etmək planını araşdırmaq üçün büdcə vəsaiti ayrılması barədə sorğu vermək niyyətindədir.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, gərginləşməkdə olan indiki şəraitdə Yaponiya uzaq adaların müdafiəsini gücləndirmək məqsədilə düşmən gəmilərini uzaq radiuslu raketlərlə məhv etmək üçün qırıcı təyyarələrin hücum qabiliyyətini gücləndirməyi planlaşdırır.
Nazirlik bu məqsədlə Norveç istehsalı olan 300 kilometr radiusda uçuş qabiliyyətinə malik JSM və 900 kilometr radiusda uçuş qabiliyyətli ABŞ istehsalı olan JASSM-ER raketlərini almağı nəzərdən keçirir.
Nazirliyin əməkdaşları hazırda 2018-ci maliyyə ilində lazımi məsrəflər üçün smetanın hazırlanması ilə məşğuldurlar. Yaponiya Nazirlər Kabineti cari ayın sonlarında büdcə layihəsini təsdiq etməyi planlaşdırır.
Lakin müxalifətdə olan partiyalar həmin planı tənqid edərək bildirirlər ki, qırıcıların qanadlı raketlərlə təchiz edilməsi Tokioya Şimali Koreyaya məxsus hərbi bazaları Yaponiyanın hava məkanından məhv etmək imkanı yaradacaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio