DÜNYA
Yaponiya Rusiya ilə ərazi mübahisəsində çeviklik göstərməyə hazırdır
Tokio, 15 noyabr, AZƏRTAC
Yaponiya Rusiya ilə ərazi mübahisəsi məsələsində çeviklik göstərməyə hazırdır, lakin onun sülh müqaviləsinin yalnız dörd adanın mənsubiyyət məsələsi həll edildikdən sonra imzalana bilməsi barədə baza mövqeyi dəyişməz olaraq qalır.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa noyabrın 15-də ənənəvi mətbuat konfransında bəyan edib.
“Biz konkret olaraq adaların ötürülməsi ilə əlaqədar vəziyyətin dəyişməsinə çevik reaksiya verməyə hazırıq. Bizim əsas baza prinsipimiz dörd şimal adasının mənsubiyyəti ilə əlaqədar məsələnin həllindən sonra sülh müqaviləsinin imzalanmasıdır və bununla əlaqədar heç bir dəyişiklik yoxdur”, - deyə Y.Suqa vurğulayıb.
Sinqapurda Yaponiyanın Baş naziri Şinzo Abe ilə Rusiya Prezidenti Vladimir Putinin arasında keçirilən danışıqları yüksək qiymətləndirən baş katib bunun Yaponiya-Rusiya münasibətlərinin inkişafına mühüm təsir göstərəcəyini qeyd edib.
İkitərəfli danışıqlardan sonra jurnalistlərlə görüşən Ş.Abe isə 2019-cu ilin əvvəllərində Rusiyaya səfər edəcəyini bildirib və əminliklə vurğulayıb ki, iki ölkənin liderləri ərazi mübahisəsini həll edərək sülh müqaviləsini imzalamağa nail olacaqlar.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio