DÜNYA


Yaponiya Şimal torpaqlarında yeni nəsil PUA-ların yerləşdirilməsi planına görə Rusiyaya etirazını bildirib

Tokio, 11 aprel, AZƏRTAC 

Yaponiya Şimal torpaqlarında yeni nəsil pilotsuz uçan aparatların (PUA) yerləşdirilməsi planına görə Rusiyaya etirazını bildirib.

AZƏRTAC xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Bildirilir ki, “İzvestiya” qəzetinin aprelin 8-də Rusiya Müdafiə Nazirliyinə istinadla yaydığı məlumatda “Orlan-10” PUA-larının Rusiyanın nəzarətində olan dörd adadan ikisində yerləşdirilməsi öz əksini tapıb. Yaponiya Xarici İşlər Nazirliyinin nümayəndəsi aprelin 9-da Rusiyanın Tokiodakı səfirliyinin müşavirinə bu cür hərəkətlərin yolverilməz olduğunu bildirib.

Yaponiya xarici işlər naziri Taro Kono isə dörd ada məsələsinin tənzimlənməsinin və sülh müqaviləsinin imzalanmasının əhəmiyyətini vurğulayıb. O, Rusiya ilə danışıqların davam etdiriləcəyini bildirib.

Xatırladaq ki, Rusiyanın Cənubi Kuril adaları, Yaponiyanın isə “Şimal torpaqları” adlandırdığı dörd ada Moskvanın nəzarəti altında olsa da, Tokio bu adalara iddialıdır. Yaponiya hökumətinin mövqeyinə görə, bu adalar ölkənin ayrılmaz tərkib hissəsidir və İkinci Dünya müharibəsi nəticəsində qeyri-qanuni yolla işğal edilib.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.