DÜNYA


Yaponiya Şimali Koreyanın nüvə və raket proqramlarını qəbuledilməz hesab edir

Tokio, 28 iyul, AZƏRTAC

Yaponiya hökuməti regional və beynəlxalq təhlükəsizlik baxımından Şimali Koreyanın nüvə və raket proqramlarını qəbuledilməz hesab edir.

AZƏRTAC xəbər verir ki, bu fikri iyulun 28-də Tokioda keçirilən mətbuat konfransında Yaponiya Nazirlər Kabineti baş katibinin müavini Yoşihiko İsozaki səsləndirib.

“Yaponiya hökuməti bununla əlaqədar lazımi informasiyanın toplanması və təhlili üçün, həmçinin çevik monitorinqlərin aparılması məqsədilə lazım olan bütün addımları atır. Bununla əlaqədar biz ABŞ və Cənubi Koreya ilə də sıx əməkdaşlıq edirik”, - deyə baş katibin müavini Şimali Koreya lideri Kim Çen Inın ehtiyac yaranacağı halda nüvə silahından istifadəyə hazır olmaları barədə bəyanatını şərh edərkən bildirib.

“Şimali Koreyanın nüvə və raket proqramları həm bizim ölkə, həm də beynəlxalq cəmiyyət üçün təhdiddir və əslən qəbuledilməzdir”, - deyə Y.İsozaki əlavə edib.

Xatırladaq ki, bu ərəfədə Koreya müharibəsinin (1950-1953-cü illər) başa çatmasının növbəti ildönümü ilə əlaqədar tədbirdə çıxışı zamanı Şimali Koreyanın ABŞ ilə istənilən hərbi qarşılaşmaya hazır olduğunu qeyd edib. Kim Çen In bildirib ki, ABŞ-ın regionda keçirdiyi təlimlər Şimali Koreyaya birbaşa təhlükə yaradır və ölkənin silahlı qüvvələri bununla əlaqədar yarana biləcək böhrana cavab verməyə tam hazırdır. Şimali Koreya lideri, həmçinin qeyd edib ki, ölkəsinin nüvə hücumuna qarşı qüvvələri də hazır vəziyyətdədir və öz missiyalarına uyğun olaraq, dəqiq və sürətli cavab verməyə hazırdır.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.