DÜNYA


Yaponiya Takeşima adalarına səfərə görə Cənubi Koreyaya qəti etirazını bildirib

Tokio, 27 noyabr, AZƏRTAC 

Yaponiyanın Xarici İşlər Nazirliyi (XİN) cənubi koreyalı bir qrup deputatın Yapon dənizində yerləşən Takeşima adalarına səfərinə görə Koreya Respublikasına qəti etirazını bildirib.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, Koreya Respublikası parlamentinin səkkiz deputatdan ibarət partiyalararası qrupunun üzvləri həmin adalar qrupuna noyabrın 26-da səfər ediblər. Səfərin məqsədi təhlükəsizlik xidməti üçün yeni bərpa olunan obyektə baş çəkmək və şəxsi heyəti həvəsləndirməkdən ibarət olub.

Həmin adalar qrupu Koreya Respublikasının nəzarəti altında olsa da, Yaponiya da bu adalara iddialıdır. Yaponiya hökumətinin mövqeyinə görə, həmin adalar ölkənin ayrılmaz tərkib hissəsidir.

Yaponiya XİN-in Asiya və Okeaniya işləri departamentinin rəhbəri Kenci Kanaşuqi Koreya Respublikasının Tokiodakı səfirliyinin yüksək səviyyəli əməkdaşına etiraz məktubunu təqdim edib. Bildirib ki, qanunvericilərin səfəri Yaponiyanın bu adalar üzərində suverenliyi barədə mövqeyi baxımından qətiyyən yolverilməzdir. Yaponiyanın Seuldakı səfirliyi də eyni etirazı Koreya Respublikasının Xarici İşlər Nazirliyinə çatdırıb.

Son vaxtlar Yaponiya ilə Koreya Respublikası arasında münasibətlər tarixi keçmişə aid məsələlərə görə xeyli gərginləşib.

Ötən həftə Seul müharibə vaxtı “əyləncə üçün qadınlar”a yardım məqsədilə Yaponiya ilə birgə təsis olunmuş fondun ləğvi barədə qərar qəbul edib. Yaponiya həmin fondun yaradılmasına 9 milyon dollara yaxın vəsait ayırmışdı.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.