DÜNYA
Yaponiya beynəlxalq rəqabətədavamlılıq reytinqində mövqeyini qoruyub
Tokio, 1 oktyabr, AZƏRTAC
Beynəlxalq İqtisadi Forumun mütəxəssislərinin qənaətinə görə, cari il Yaponiya beynəlxalq rəqabətədavamlılıq reytinqinə görə altıncı yerdə qərarlaşıb. Ötən il də bu ölkə həmin mövqedə idi.
Mütəxəssislər korporativ fəallıq, təhsil və səhiyyə xidmətləri kimi amilləri nəzərə alaraq dünyanın 140 iqtisadiyyatının reytinqini tərtib ediblər.
Sentyabrın 30-da dərc edilmiş hesabata əsasən, İsveçrə birinci yeri tutub. Ondan sonra Sinqapur və ABŞ gəlir. Bütün liderlər öz ötənilki mövqelərində qalıblar.
Yaponiya komplektləşdirmə detallarının istehsalı ilə məşğul olan kiçik və orta milli korporasiyaların texnoloji inkişafına, həmçinin infrastrukturun tərəqqi səviyyəsinə görə yüksək qiymət alıb.
Yapon iqtisadiyyatının ümumi qiymətinin artımına imkan verməyən amillər kimi böyük məbləğdə olan və artmaqda davam edən dövlət borcu, vergilərin yüksək həddi və qadınların ölkənin sosial, iqtisadi və digər fəaliyyət sahələrində kifayət qədər təmsil olunmaması göstərilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio