DÜNYA
Yaponiya hökuməti ABŞ-ın hərbi bazalara görə xərcləri artırmaq tələbini inkar edib
Tokio, 18 noyabr, AZƏRTAC
Yaponiya hökuməti Vaşinqtonun Tokiodan ABŞ hərbi kontingentinin saxlanması ilə əlaqədar xərclərin artırılmasını tələb etməsi barədə informasiyanın həqiqətə uyğun olmadığını bildirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin Baş katibi Yoşihide Suqa Tokioda keçirilən ənənəvi mətbuat konfransında məlumat verib.
ABŞ KİV-lərinin bu xəbərlərini şərh etmək barədə jurnalistlərin xahişinə cavab verən Y.Suqa deyib ki, həmin məlumatlar həqiqəti əks etdirmir. Yaponiya ilə ABŞ arasında bu ölkə hərbçilərinin saxlanması barədə 2021-ci ildə başa çatacaq razılaşma ilə əlaqədar hələlik heç bir danışıqlar da aparılmır. ABŞ hərbçilərinin saxlanması ilə bağlı xərclərə gəldikdə isə bu, iki dövlət arasında əldə edilən razılaşmaya uyğun olaraq həyata keçirilir.
Xatırladaq ki, 2021-ci ildə başa çatacaq razılaşmaya görə, Yaponiya ABŞ-ın bu ölkə ərazisində saxlanan 54 min hərbçisi üçün ildə 1,8 milyard dollar ödəyir. Bu hərbçilərin təqribən yarısı Okinava adasındakı hərbi bazalarda yerləşir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio