DÜNYA
Yaponiya hökuməti ABŞ-la ticarət müqaviləsinin ratifikasiyası barədə qərar layihəsini bəyənib
Tokio, 15 oktyabr, AZƏRTAC
Oktyabrın 15-də Yaponiya hökuməti ABŞ ilə ticarət müqaviləsinin ratifikasiyası barədə qərar layihəsini bəyənib. Bundan sonra sənədə parlamentdə baxılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa Tokioda keçirilən mətbuat konfransı zamanı deyib.
“Bu gün Nazirlər Kabinetinin iclasında ABŞ ilə sentyabrın sonlarında imzalanan ticarət müqaviləsinin ratifikasiyası barədə qərar layihəsi bəyənilib. Biz onu parlamentin müzakirəsinə təqdim edəcəyik”, - deyə Y.Suqa bildirib.
Yanvarın 1-də müqavilənin qüvvəyə minməsi üçün onun parlamentin cari sessiyasında dekabrın sonunadək bəyəniləcəyi gözlənilir.
Xatırladaq ki, Yaponiyanın Baş Naziri Şinzo Abe və ABŞ Prezidenti Donald Tramp uzun müddət davam edən danışıqlardan sonra sentyabrda Nyu-Yorkda yeni ticarət paktını imzalayıblar. Sənəd Yaponiya tərəfdən ABŞ məhsullarına tarif güzəştlərinin tətbiqini nəzərdə tutur.
ABŞ tərəfi isə öz növbəsində yapon avtomobillərinə və ehtiyat hissələrə rüsumların qaldırılmayacağını vəd edir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio