DÜNYA


Yaponiya hökuməti COVID-19-a qarşı vaksinasiyanı sürətlə və təhlükəsiz şəkildə həyata keçirməyə çalışacaq

Tokio, 16 fevral, AZƏRTAC

Yaponiya hökuməti COVID-19-a qarşı fevralın 17-dən başlanacaq vaksinasiyanı sürətlə və təhlükəsiz şəkildə həyat keçirmək üçün çalışacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Yoşihide Suqa bəyan edib. Qeyd edilir ki, ilkin olaraq peyvəndi təqribən 4 milyon tibb işçisi alacaq. Bundan sonra yaşlı nəslin nümayəndələri və əhalinin digər kateqoriyaları peyvənd olunacaq.

Baş nazir əlaqədar nazirlikləri və digər təşkilatları vaksinasiyanın sürətlə və rahat şəkildə təşkili üçün səyləri birləşdirməyə çağırıb. Qeyd edib ki, vaksinasiya ilə bağlı bütün xərcləri üzərinə götürən hökumət, bununla əlaqədar əhalini operativ və düzgün məlumatlandırmağa çalışacaq, peyvəndin yan təsirləri barədə də məlumatlar yayacaq.

Yaponiya hökuməti hesab edir ki, vaksinasiya proqramının uğurla həyata keçirilməsi həm koronavirusun yayılmasının qarşısını almağa, həm də iqtisadiyyatı dəstəkləməyə imkan yaradacaq.

Əlavə olaraq qeyd edək ki, hazırda paytaxt Tokio da daxil olmaqla, Yaponiyanın 10 prefekturasında fövqəladə vəziyyət rejimi davam edir. Hakimiyyət orqanları əhalidən yoluxmaların sayının artmasının qarşısını almaq üçün yalnız kəskin tələbat yarandıqda bayıra çıxmağı, evdən işləməyə üstünlük verməyi və ictimai nəqliyyatdan maksimum istifadə etməməyi xahiş edir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.