DÜNYA
Yaponiya hökuməti Orta və Yaxın Mənzilli Raketlər Barədə Müqavilə ətrafında yaranan vəziyyətdən təəssüfləndiyini bildirib
Tokio, 7 dekabr, AZƏRTAC
Yaponiya hökuməti Orta və Yaxın Mənzilli Raketlər Barədə Müqavilə (OYMRBM) ətrafında yaranan vəziyyətdən təəssüfləndiyini və müəyyən edilmiş 60 gün ərzində yaranmış problemin həlli yolunun tapılacağına ümidvar olduğunu bildirib.
AZƏRTAC xəbər verir ki, bu barədə xarici işlər naziri Taro Kono dekabrın 7-də keçirilən mətbuat konfransı zamanı bəyan edib.
“OYMRBM nüvə silahının ləğvi istiqamətində mühüm əhəmiyyətə malikdir və buna görə də yaranmış vəziyyət dərin təəssüf hissi doğurur. Güman edirik ki, təyin edilən 60 gün ərzində müxtəlif hadisələr baş verə bilər və ümid edirik ki, tərəflər bu vaxtdan səmərəli istifadə etməyə çalışacaqlar”, - deyə nazir qeyd edib.
Xatırladaq ki, ABŞ-ın dövlət katibi Maykl Pompeo NATO xarici işlər nazirlərinin Brüssel görüşünün yekunu olaraq bəyan edib ki, əgər Rusiya 60 gün ərzində OYMRBM-nin yerinə yetirilməsinə qayıtmasa, Vaşinqton bu müqavilə üzrə öhdəliklərini dayandıracaq. Dekabrın 5-də jurnalistlərin məsələ ilə bağlı sualını cavablandıran Rusiya Prezidenti Vladimir Putin isə bildirib ki, Vaşinqton Moskvanın OYMRBM üzrə müqaviləni pozması barədə heç bir dəlil göstərməyib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio