DÜNYA
Yaponiya hökuməti daha çox əcnəbinin işə qəbulu barədə qanun layihəsini bəyənib
Tokio, 2 noyabr, AZƏRTAC
Yaponiya hökuməti immiqrasiya nəzarətinə yenidən baxmaq barədə qanun layihəsini bəyənib. Bu, gələn ilin aprelindən başlayaraq, ölkədə daha çox əcnəbinin işə qəbuluna imkan yaradacaq.
AZƏRTAC xəbər verir ki, qanun layihəsi noyabrın 2-də Nazirlər Kabinetinin iclasında bəyənilib. Yeni qanun layihəsi əcnəbi işçi qüvvəsinə baxış barədə yapon siyasətinin dəyişməsinə çox güclü işarədir.
Həmin qanun layihəsinə görə, əcnəbi işçilər üçün iki tip yaşama statusu müəyyən ediləcək ki, bu da Yaponiyada çatışmayan işçi qüvvəsinə tələbatı aradan qaldırmağa kömək edəcək. Birinci tip status müəyyən sahələrdə peşəkarlıq vərdişlərinə malik olan əcnəbilərə veriləcək və 5 il müddətində qüvvədə olacaq. Həmin işçilərə ailə üzvlərini ölkəyə gətirməyə icazə verilməyəcək.
İkinci tip status isə yüksək ixtisaslaşma qabiliyyətinə malik olan əcnəbilərə veriləcək. Onların Yaponiyada qalmaq müddəti heç bir zaman çərçivəsinə salınmayacaq və onlara ailə üzvlərini ölkəyə gətirməyə icazə veriləcək.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio