DÜNYA


Yaponiya hökuməti oktyabrdan başlayaraq əcnəbilər üçün bu ölkəyə girişi yumşaltmağa hazırlaşır

Tokio, 23 sentyabr, AZƏRTAC

Yaponiya hökuməti koronavirus pandemiyasına görə ölkəyə əcnəbilərin gəlişini qadağan edən məhdudiyyəti oktyabr ayının əvvəllərindən başlayaraq aradan qaldırmağa hazırlaşır.

AZƏRTAC “Asahi shimbun” qəzetinə istinadla xəbər verir ki, bu barədə qərar turistlərə şamil olunmayacaq.

Nəşrin məlumatına görə, söhbət əsasən səhiyyə, təhsil və işgüzar məqsədlə həyata keçiriləcək orta və uzun müddətli səfərlərdən gedir. Eyni zamanda, mədəni fəaliyyət məhdudiyyətlərin götürüləcəyi sahələrə aid ediləcək. Məhdudiyyətlər yumşaldıldıqdan sonra hər gün Yaponiyaya dünyanın bütün ölkələrindən təqribən min nəfərin gələcəyi gözlənilir. Həmin şəxslərin uçuş ərəfəsində koronavirus testindən keçməsi və ölkəyə gəldikdən sonra 14 gün karantində qalması nəzərdə tutulur.

Bununla yanaşı, oktyabrdan başlayaraq məhdudiyyətlərin Yaponiyaya gələn əcnəbi tələbələr üçün götürüləcəyi də gözlənilir.

“Asahi”nin məlumatına görə, hökumət turist səfərləri istisna olmaqla, Yaponiyaya gəlişi asanlaşdırmaq istiqamətində imkanları genişləndirməkdə davam edəcək. Belə ki, Tokio, Osaka, Fukuoka, Naqoya və Sapporo şəhərlərində yerləşən beynəlxalq aeroportlar noyabrdan başlayaraq gün ərzində 20 min əcnəbini qəbul etməyi planlaşdırır.

Bildirilir ki, bu günədək Yaponiya hökuməti Asiya-Sakit okean regionunun koronavirusla bağlı vəziyyətin daha sabit olduğu 16 ölkəsindən əcnəbilərin gəlişini asanlaşdırmaq imkanlarını araşdırır. Bunun ilk növbədə biznes nümayəndə heyətlərinə, işgüzar səfərlərə və daimi yaşamaq üçün gələnlərə şamil ediləcəyi bildirilir. Həmin qaydanın Vyetnam, Tailand, Malayziya, Kamboca, Laos, Myanma və Sinqapurdan gələnlərə artıq tətbiq edildiyi də qeyd olunur. Eyni zamanda, bu istiqamətdə müzakirələrin Çin, Cənubi Koreya, Avstraliya, Yeni Zelandiya və digər ölkələrlə davam etdirildiyi bildirilir.

Xatırladaq ki, Yaponiya hökuməti ABŞ, Aİ və Cənub-Şərqi Asiya ölkələri, o cümlədən Azərbaycan, Çin, Cənubi Koreya, Rusiya, Belarus və Ukrayna daxil olmaqla 160 ölkə vətəndaşlarının buraya gəlişini qadağan edib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.