CƏMİYYƏT


Yaponiya hökuməti öz vətəndaşlarını Çinin Uxan şəhərindən təxliyə etməyə hazırlaşır

Tokio, 28 yanvar, AZƏRTAC

Yanvarın 28-də Yaponiya hökuməti yeni koronavirusun qeydə alındığı Çinin Uxan şəhərindən öz vətəndaşlarını təxliyə etmək üçün çarter reysi həyata keçirəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə məlumat verən Yaponiyanın Xarici İşlər naziri Toşimitsu Moteqi ilkin olaraq 200 nəfərin təxliyə olunacağını bildirib.

“Mən Çinin Xarici İşlər naziri Van İ ilə Uxandan qayıtmaq istəyən Yaponiya vətəndaşları barədə telefon danışığı aparmışam. Yaponiyadan Uxan şəhərinə ilk çarter reysi bu gün axşam həyata keçiriləcək. Sabah səhər geri dönəcək təyyarə günün birinci yarısında “Haneda” aeroportuna çatacaq. İlkin olaraq biz 200 nəfəri təxliyə etməyi planlaşdırırıq”, - deyə nazir bildirib.

Tokionun “Haneda” aeroportunda sanitar-epidemiologiya nəzarətinin mütəxəssisləri sərnişinləri tam yoxlamadan keçirəcəklər. Xəstəliyin əlamətlərinin aşkar edildiyi şəxslər bu məqsədlə ayrılmış dörd dövlət xəstəxanasına yerləşdiriləcəklər. Sağlamlığı normal hesab edilənlər isə özlərini pis hiss etdikləri halda dərhal həkimə müraciət edəcəkləri barədə xüsusi vərəqi imzlayacaqlar.

Nazir əlavə edib ki, ümumiyyətlə, Uxan şəhərini tərk etmək üçün 650 Yaponiya vətəndaşı müraciət edib. Onlar, əsasən, həmin şəhərdəki Yaponiya şirkətlərində çalışan insanlardır. Yaponiya Çin tərəfi ilə razılıq əsasında təxliyəni davam etdirməyi planlaşdırır.

T.Moteqi, həmçinin bildirib ki, Çinə uçacaq təyyarənin göyərtəsində humanitar yük – tibbi maskalar və xüsusi müdafiə geyimləri olacaq.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.