DÜNYA
Yaponiya hökuməti təbii fəlakətlər zamanı infrastrukturun möhkəmləndirilməsi ilə bağlı plan hazırlayıb
Tokio, 11 dekabr, AZƏRTAC
Yaponiya hökuməti təbii fəlakətlər zamanı infrastrukturun sürətlə möhkəmləndirilməsi ilə bağlı plan hazırlayıb.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, həmin plana ümumi dəyəri 53 milyard dollar olan 160 layihə daxil edilib.
Plan cari ildə Yaponiyada baş verən təbii fəlakətlər silsiləsi ilə əlaqədar hazırlanıb. Belə ki, başa çatmaqda olan 2018-ci ilin iyulunda ölkənin qərb hissəsində leysan yağışlar və sentyabrda Hokkaydo adasında baş verən zəlzələ ciddi fəsadlar törədib.
Plana təqribən 120 çayın sahillərinin bərkidilməsini nəzərdə tutan işlər daxil edilib. Eyni zamanda, planda ölkənin 16 əsas aeroportunda baş verə biləcək daşqınlar və yeraltı təkanlar zamanı binaların elektrik təchizatının müdafiəsi də nəzərdə tutulub.
Hökumət həmin planı Nazirlər Kabinetinin cari həftədə keçiriləcək iclasında təsdiq etməyi planlaşdırır. Lakin hakim partiyaların bəzi üzvləri plana daxil edilən tədbirlərin kifayətedici olmadığını bildirirlər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio