DÜNYA
Yaponiya hökuməti yardım göstərmək üçün tənha yaponları siyahıya alacaq
Tokio, 16 fevral, AZƏRTAC
Yaponiya hökuməti ölkədəki tənha insanları müəyyən etmək üçün onların siyahıya alınmasını aparacaq.
AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Yaponiya Regional İnkişaf naziri Tetsuşi Sakamoto məlumat verib. Nazir bununla əlaqədar xüsusi şöbənin yaradılacağını da qeyd edib. Bildirib ki, həmin şöbədə təqribən 10 nəfər çalışacaq. Həmin şəxslər siyahıya alma üçün ayrıca proqram hazırlayacaqlar. Şöbənin yalnız kimsəsiz yaşayan insanlarla deyil, eyni zamanda, emosional tənhalıq yaşayan şəxsləri də əhatə edəcəyi qeyd olunur.
Bildirilir ki, yeni strukturun yaradılmasında məqsəd Yaponiyada suisid hallarının sayının azaldılmasına kömək etməkdir. Burada koronavirus pandemiyası yayılmağa başlayandan suisidlərin sayı son 11 ildə ilk dəfə olaraq artıb. Həmin dövrdə təqribən 21 min nəfər özünə qəsd edib.
Xəbər verdiyimiz kimi, Baş nazir Yoşihide Suqanın sərəncamı ilə Yaponiyada Tənha İnsanlar Nazirliyi təsis edilib. Bu vəzifənin icrası da Regional İnkişaf naziri Tetsuşi Sakamotoya həvalə olunub.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio