CƏMİYYƏT


Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” proqramı çərçivəsində daha 5 layihə üzrə müqavilələr imzalanıb

Bakı, 19 noyabr, Rauf Hacıyev, AZƏRTAC

Noyabrın 19-da Yaponiyanın Azərbaycandakı səfirinin iqamətgahında “Ot kökləri və insan təhlükəsizliyi” üzrə qrant yardımı proqramı çərçivəsində 5 layihənin imzalanması mərasimi keçirilib. Mərasimdə “Davamlı İnkişafa Doğru”, “Azərbaycan İcma İnkişafı üzrə Araşdırmalar, Təlim və Resurs Mərkəzi”, “Şəki Ekologiya və Təhsil Mərkəzi”, “Gənclər İnkişaf Naminə” və “Tərəqqi” Sosial Tədqiqatlar ictimai birliklərinin sədrləri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, adıçəkilən təşkilatların sədrləri və səfir Vada Cüniçi arasında qrant yardım layihəsi müqavilələri imzalanıb.

Mərasimdə çıxış edən səfir Vada Cüniçi bildirib ki, imzalanan layihələr adıçəkilən bölgələrin əhalisinin səhiyyə, təhsil, sosial rifah və iqtisadi inkişafına öz töhfəsini verəcək. Belə ki, budəfəki müqavilələrdə nəzərdə tutulan yardımın ümumi məbləği 306,768 ABŞ dolları təşkil edir. Bu layihələrin icrası nəticəsində Sabirabad rayonunun Əlicanlı kəndində sıradan çıxmış suvarma sistemi bərpa olunacaq, Zaqatala rayonunun Zəyəm kəndi içməli su ilə təchiz ediləcək, Ağcabədi rayonunun Şərəfxanlı kəndində yeni bağça, Qusar rayonunun Düztahir kəndində və Beyləqan rayonunun İmamverdilər kəndində yeni kiçik tibb məntəqəsi inşa olunacaq. Bununla da bu günə qədər Azərbaycanda həyata keçirilmiş “Ot kökləri” layihələrinin ümumi sayı 250-ni, ümumi dəyəri isə 21 milyon ABŞ dollarını keçmiş olacaq.

Qeyd edilib ki, Yaponiya hökuməti “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” proqramını insan təhlükəsizliyi ideyasını rəhbər tutaraq, inkişaf etməkdə olan ölkələrin iqtisadi inkişafına dəstək məqsədilə, bilavasitə yerli əhalinin bəhrələnəcəyi nisbətən kiçikmiqyaslı layihələrin reallaşdırılması üçün həyata keçirir. Əhalinin sağlamlığı və həyat təhlükəsizliyinin, o cümlədən minimum həyat standartlarının təmin olunması bu proqramın əsas prioritetidir.

Mərasimdə çıxış edən təşkilatların sədrləri sözügedən layihələrin heç bir problem olmadan icrasını arzuladıqlarını bildirib və bu yardıma görə Yaponiya hökumətinə minnətdarlıqlarını ifadə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.