REGİONLAR


Yaponiya hökumətinin dəstəyi ilə Oğuzun Muxas kəndində tibb məntəqəsi tikilib

Oğuz, 8 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Oğuz rayonunun Muxas kəndində Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində həyata keçirilən tibb məntəqəsinin tikintisi layihəsinin icrası uğurla başa çatıb.

Bu münasibətilə noyabrın 8-də keçirilən mərasimdə Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katori və xanımı Noriko Katori, rayon rəhbərliyi, layihəni icra edən “Kənd İnkişafına Dəstək” İctimai Birliyinin üzvləri və kənd sakinləri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasimdə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov çıxış edərək, dost ölkənin qrant yardımı proqramı çərçivəsində indiyədək rayonda 4 layihənin reallaşdığını bildirib. Qeyd olunub ki, bu layihələrin üçü tibb məntəqəsinin tikintisi, biri isə su təchizatı sahələrini əhatə edir. İcra hakimiyyətinin başçısı bu əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əmin olduğunu deyib.

Səfir Teruyiki Katori Azərbaycan ilə Yaponiya arasında dostluq əlaqələrinin dərin köklərə malik olduğunu, hazırda hər iki ölkənin rəhbərlərinin səyi ilə bu əlaqələrin daha da möhkəmlənməsi üçün davamlı iş aparıldığını diqqətə çatdırıb. Səfir bildirib ki, Yaponiya hökumətinin maliyyə dəstəyi ilə həyata keçirilən bu layihələr insanların yaşayış səviyyəsini daha da yaxşılaşdırmaq, onlara göstərilən tibbi xidmətin keyfiyyətini yüksəltmək məqsədi daşıyır.

Diqqətə çatdırılıb ki, Yaponiya hökumətinin bu layihə üzrə ayırdığı qrant yardımının ümumi məbləği 89 min 950 ABŞ dolları təşkil edib.

Tibb məntəqəsinin açılışını bildirən rəmzi lent kəsildikdən sonra mərasim iştirakçıları layihə çərçivəsində görülən işlərlə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.