REGİONLAR


Yaponiya hökumətinin dəstəyi ilə Qaxın 2 kəndində su təchizatı layihəsi icra olunub

Qax, 12 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində Qax rayonunda sayca 8-ci layihənin icrası başa çatıb. İyulun 12-də rayonun Güllük kəndində “Su təchizatı sisteminin tikintisi” layihəsinin başa çatması münasibətilə keçirilən tədbirdə Yaponiyanın ölkəmizdəki səfirliyinin birinci katibi, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Qax Rayon İcra Hakimiyyəti başçısının müavini Elbrus Tağıyev Yaponiyanın Azərbaycandakı səfirliyi ilə rayon icra hakimiyyəti arasında əməkdaşlığın 2003-cü ildən uğurla davam etdiyini bildirib. Diqqətə çatdırıb ki, qrant yardımı proqramı çərçivəsində Qax rayonunda indiyədək 8 layihə reallaşdırılıb. Bu layihələr məktəb və tibb məntəqələrinin tikintisi, tullantıların idarə olunması və su təchizatı sahələrini əhatə edib. O, əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminliyini bildirib.

Yaponiyanın ölkəmizdəki səfirliyinin birinci katibi Usui Takaaki Azərbaycanla ölkəsi arasında dostluq əlaqələrinin dərin köklərə malik olduğunu, Yaponiya hökumətinin maliyyə dəstəyi ilə həyata keçirilən bu layihələrin insanların yaşayış səviyyəsini daha da yaxşılaşdırmaq məqsədi daşıdığını deyib.

Diqqətə çatdırılıb ki, Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində indiyədək Azərbaycanda bu layihə də daxil olmaqla, ümumi dəyəri 20 milyon ABŞ dolları olan 235 layihə üzrə qrant müqaviləsi imzalanıb. İcrası yenicə başa çatan bu layihə üzrə işlər Yaponiyanın ölkəmizdəki səfirliyi ilə “Azərbaycan icma inkişafı üzrə araşdırmalar, təlim və resurs mərkəzi” İctimai Birliyi arasında imzalanan müqavilə əsasında yerinə yetirilib. Layihənin ümumi dəyəri 89,1 min dollar təşkil edib. Layihə çərçivəsində Baydarlı kəndində də sakinlərin su təchizatı yaxşılaşdırılıb.

Su təchizatı sisteminin açılışını bildirən rəmzi lent kəsildikdən sonra mərasim iştirakçıları layihə çərçivəsində görülən işlərlə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.