DÜNYA


Yaponiya ilə Rusiya əlaqələrin daha da möhkəmləndirilməsi barədə razılığa gəliblər

Tokio, 25 noyabr, AZƏRTAC

Yaponiya ilə Rusiya iqtisadi əlaqələrin möhkəmləndirilməsi və insanların mübadiləsinin artırılması barədə razılığa gəliblər.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, Yaponiyanın xarici işlər naziri Taro Kono və Rusiya Federasiyası hökuməti sədrinin birinci müavini İqor Şuvalov Moskvada ikitərəfli iqtisadi əməkdaşlıq komitəsinin iclasında bir araya gəliblər.

İclas zamanı Yaponiya tərəfi Rusiyanın Uzaq Şərq regionunda enerji ehtiyatlarının və infrastrukturun inkişafı da daxil olmaqla, dörd istiqamətdə əməkdaşlığı genişləndirməyi təklif edib. Rəsmi Moskva bu təklifləri qəbul edib.

Moskvaya səfəri çərçivəsində T.Kono rusiyalı həmkarı Serqey Lavrovla da görüşüb. Nazirlər Rusiyanın nəzarətində olan, lakin Yaponiyanın da iddia etdiyi dörd adada birgə iqtisadi fəaliyyətlə əlaqədar işçi danışıqları sürətləndirmək barədə razılığa gəliblər.

T.Kono və S.Lavrov Koreya yarımadasının nüvə silahından azad edilməsi məsələsini də müzakirə ediblər. Onlar BMT Təhlükəsizlik Şurasının Şimali Koreya ilə bağlı qətnamələrinin tamamilə yerinə yetirilməsi üçün sıx əməkdaşlıq barədə razılığa gəliblər.

Görüşdə S.Lavrov Rusiyanın Yaponiyanın yerüstü “Aegis Ashore” raketindən müdafiə sisteminin yerləşdirilməsi barədə qərarından narahat olduğunu bildirib. T.Kono bəyan edib ki, həmin sistem Şimali Koreyanın raketlərindən müdafiə məqsədi daşıyır və Rusiyaya təhlükə yaratmır.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.