DÜNYA
Yaponiya ilə Türkiyə arasında iqtisadi tərəfdaşlıq barədə danışıqlar davam etdiriləcək
Tokio, 10 fevral, AZƏRTAC
Yaponiya və Türkiyə ikitərəfli iqtisadi tərəfdaşlıq (EPA) barədə danışıqları Tokioda davam etdirəcəklər. Hər iki tərəf bu danışıqların iyunda Oskakada keçiriləcək G20 sammitində geniş razılaşmanın imzalanması ilə nəticələnəcəyinə inanır.
Yaponiya Xarici İşlər Nazirliyindən AZƏRTAC-ın Yaponiyadakı bürosuna verilən məlumata görə, həm də EPA adı ilə tanınan pakt tariflər və ticarət daxil olmaqla, bir sıra sahələri əhatə edəcək. Razılaşmanın, eyni zamanda, intellektual mülkiyyət, elektron kommersiya qaydalarını əhatə edəcəyi də bildirilir.
Fevralın 12-dən 15-dək keçiriləcək danışıqlar 2014-cü ildən başlanan müzakirələrin sayca 13-sü olacaq.
Yaponiya Türkiyəni bu ölkəyə ixrac edilən nəqliyyat vasitələrinə tarifləri ləğv etməyə çağırır. Türkiyə isə, Yaponiyanın bu ölkəyə ixrac edilən pomidor, spagetti, xalça və digər məhsulları rüsumlardan azad etməsini təkid edir.
Xatırladaq ki, bu yaxınlarda Yaponiyanın da iştirakçısı olduğu azad ticarətin inkişafına yönəldilmiş Trans-Sakit okean Tərəfdaşlığı çərçivəsində razılaşma və Avropa İttifaqı ilə müqavilə qüvvəyə minib.
Danışıqların son raundunda əldə edilən irəliləyiş, G20 sammitinədək Türkiyə ilə Yaponiya arasında da razılaşmanın əldə ediləcəyini deməyə əsas verir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio