DÜNYA
Yaponiya koronavirus pandemiyasına baxmayaraq, ABŞ ilə birlikdə RIMPAC təlimlərində iştirak edəcək
Tokio, 22 may, AZƏRTAC
Yaponiya hərbi-dəniz qüvvələri koronavirus pandemiyasına baxmayaraq, avqustda ABŞ ilə birlikdə Havay adaları sahillərində keçiriləcək RIMPAC təlimlərində iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə mayın 22-də jurnalistlərə açıqlama verən Yaponiyanın Müdafiə naziri Taro Kono bildirib: “Biz Yaponiya Hərbi-Dəniz Qüvvələrinin RIMPAC təlimlərində iştirakını gözləyirik. Koronavirusa yoluxma təhlükəsi ilə əlaqədar insanlar arasında təmasa yol vermək olmaz. Lakin hesab edirəm ki, hərbi gəmilərin təlimləri bu risklə əlaqədar deyil”.
ABŞ Hərbi-Dəniz Qüvvələrinin məlumatına görə, təlimlər avqustun 17-dən 31-dək təşkil olunacaq. Sakit okean akvatoriyasında 1971-ci ildən etibarən hər iki ildən bir keçirilən təlimlərdə Yaponiya ilə yanaşı, ABŞ, Kanada, Koreya Respublikası və Avstraliya hərbçiləri də iştirak edirlər. Yaponiya bu təlimlərə 1980-ci ildən qatılıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio