İDMAN
Yaponiya millisi Bakıda keçirilən cüdo üzrə dünya çempionatının qarışıq komanda yarışlarının qalibi olub VİDEO
Bakı, 27 sentyabr, AZƏRTAC
Sentyabrın 27-də Bakıdakı Milli Gimnastika Arenasında keçirilən cüdo üzrə dünya çempionatına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, çempionatın sonuncu – səkkizinci günündə qarışıq komanda yarışları keçirilib.
On səkkiz yığmanın mübarizə apardığı çempionatda Azərbaycan millisinin heyətində 11 cüdoçu yer alıb. Millimiz ilk görüşünü Avstriya yığmasına qarşı keçirib və 4:1 hesablı qələbə qazanıb. Dörddəbir finalda Yaponiya millisinə 2:4 hesabı ilə uduzan cüdoçularımız təsəlliverici görüşdə Niderlandı üstələyiblər – 4:2. Bürünc medal uğrunda görüşdə Rusiya millisinə 1:4 hesabı ilə məğlub olan cüdoçularımız çempionatı beşinci pillədə başa vurublar. Digər bürünc medalı isə birləşmiş Koreya komandası qazanıb.
Final görüşündə Yaponiya və Fransa milli komandaları üz-üzə gəliblər. Rəqibini 4:1 hesabı ilə məğlub edən Yaponiya millisi qarışıq komanda yarışlarının qalibi olub.
Azərbaycan komandası dünya çempionatının fərdi yarışlarında 2 medal qazanıb. Belə ki, Uşanqi Kokauri (100 kq-dan yuxarı) gümüş, Hidayət Heydərov (73 kq) isə bürünc medala sahib olublar.
Xatırladaq ki, mundialda 125 ölkədən 800-dək cüdoçu mübarizə aparıb.