DÜNYA


Yaponiya mübahisəli rayonda qazma işlərinə görə Çinə etirazını bildirib

Tokio, 23 mart, AZƏRTAC 

Yaponiya hökuməti Şərqi Çin dənizindəki mübahisəli rayonda qazma işlərinə görə Çinə etirazını bildirib.

AZƏRTAC xəbər verir ki, martın 22-də keçirilən mətbuat konfransında bu barədə məlumat verən Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa həmin ərazidə iki ölkə arasında məxsusi iqtisadi zonaların sərhədlərinin hələ dəqiqləşdirilmədiyini də bildirib.

“Biz təsdiq edirik ki, Çin Şərqi Çin dənizindəki yeni rayonda göyərtəsində qazma qurğusu olan gəmi vasitəsilə təbii ehtiyatların birtərəfli hasilatına başlayıb. Çinin birtərəfli fəaliyyəti dərin kədər hissi doğurur. Bununla əlaqədar biz etirazımızı bildirmişik”, - deyə baş katib bildirib.

Yaponiya tərəfinin qənaətinə görə, Çin gəmisi bu dəfə həmin rayonda yerləşən 16 stasionar qazma qurğusu vasitəsilə yeni qazma işlərinə başlayıb.

Pekin Yaponiya tərəfindən həmin ərazidə müəyyən edilən iqtisadi zonalar arasındakı sərhədi qəbul etmir və bildirir ki, həmin xətt xeyli şərqdən, təxminən Yaponiyanın Okinava adasının yaxınlığından keçir. Beynəlxalq hüquqa əsasən həmin mübahisə iki ölkə arasında qarşılıqlı razılaşma yolu ilə həll edilməlidir. Vəziyyəti Tokionun nəzarəti altında olan Senkaku adaları ilə bağlı mübahisə də gərginləşdirir. Həmin adaları özünün qeyri-qanuni işğal edilən əraziləri hesab edən Pekin həmin əraziyə tez-tez patrul gəmiləri göndərir.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.