DÜNYA
Yaponiya müharibə dövründə əməyin ödənilməsi ilə əlaqədar arbitraj komissiyasının yaradılmasını tələb edir
Tokio, 21 may, AZƏRTAC
Yaponiya Cənubi Koreya ilə müharibə dövründə əmək mübahisəsi ilə əlaqədar arbitraj komissiyasının yaradılmasına çalışır.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya xarici işlər naziri Taro Kono parlamentin aşağı palatasının komitə iclasında çıxışı zamanı bildirib.
Xatırladaq ki, Cənubi Koreya məhkəməsi İkinci Dünya müharibəsi zamanı yapon şirkətləri tərəfindən məcburi əməyə cəlb edilənlərin və ya onların qohumlarının tələbinə əsasən bu şirkətlərin həmin şəxslərə kompensasiya ödəməsi barədə qərar qəbul edib.
Yaponiya tərəfi Cənubi Koreyaya iki ölkə arasında 1965-ci ildə imzalanan sazişə müvafiq olaraq, məsələ ilə bağlı müzakirələr aparmağı təklif edib. Lakin Cənubi Koreya bu təklifə cavab verməyib.
Bu ayın əvvəlində Cənubi Koreyadan olan bir neçə iddiaçı yapon şirkətlərinin müsadirə etdikləri səhmlərini satacaqlarını bəyan edib.
Məsələnin həlli üçün Yaponiya Cənubi Koreya hökumətinə üçüncü ölkənin nümayəndəsinin də iştirak edəcəyi arbitraj komissiyasının yaradılmasını təklifini irəli sürüb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio