MƏDƏNİYYƏT
Yaponiya musiqiçiləri Bakıda hərarətlə qarşılanıb
Bakı, 2 iyul, Ceyhun Alışlı, AZƏRTAC
İyulun 2-də Xətai rayonundakı Heydər Əliyev Parkının ərazisində yerləşən "Yapon bağı"nda Yaponiyanın “Va-Liqa” musiqi qrupu möhtəşəm konsert proqramı ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, konsert Yaponiyanın Azərbaycandakı səfirliyi və Xətai rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub. Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov çıxış edərək belə konsertlərin ölkəmizdə təşkilini yüksək qiymətləndirib.
Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahişi bildirib ki, Azərbaycan ilə Yaponiya arasında digər sahələrdə olduğu kimi mədəniyyət sahəsində də əlaqələr uğurla inkişaf edir.
Daha sonra prodüser Takahisa Terutoşinin rəhbərliyi ilə "Va liqa" musiqi qrupu səhnəyə çıxıb. Biri-birindən maraqlı yapon musiqi nömrələri səsləndirən qrupun çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Azərbaycanda üçüncü dəfə qonaq olan "Va liqa" qrupu 53 ölkədə konsert proqramları ilə çıxış edib.