DÜNYA


Yaponiya növbəti raket buraxılışlarına görə Şimali Koreyaya etirazını bildirib

Tokio, 25 may, AZƏRTAC

Yaponiya növbəti raket buraxılışlarına görə Şimali Koreyaya etirazını bildirib və ABŞ Prezidentinin Tokioda QUAD liderlərinin sammitində iştirakından sonra atılan bu addımı birbaşa təxribat adlandırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiyanın müdafiə naziri Nabuo Kişi jurnalistlərə bəyan edib.

“Bu, Şimali Koreya tərəfindən açıq təxribatdır və qətiyyən qəbuledilməzdir. Buna görə biz diplomatik kanallar vasitəsilə etirazımızı bildirmişik”, - deyə nazir bildirib.

N.Kişi əlavə edib ki, buraxılan 3 ballistik raketdən biri təqribən 300 və digəri isə 750 kilometr məsafə qət edərək, Yapon dənizinin şərqində suya düşüb. Raketlər Yaponiyanın məxsusi iqtisadi zonasına çatmayıb. Sınaqlar nəticəsində gəmilərə zərər dəyməsi barədə məlumat daxil olmayıb. Nazir üçüncü raketlə bağlı hələlik məlumatların toplandığını da qeyd edib.

Cənubi Koreya hərbçilərinin məlumatına görə, mayın 25-də səhər Şimali Koreya Pxenyan yaxınlığındakı Sunan rayonundan Yapon dənizi istiqamətində üç ballistik raket buraxıb.

Bu, cari ildə Şimali Koreyanın həyata keçirdiyi 16-cı raket sınağıdır.

 
Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.