DÜNYA


Yaponiya parlamenti Hərtərəfli Regional İqtisadi Tərəfdaşlıq barədə razılaşmanı bəyənib

Tokio, 28 aprel, AZƏRTAC

Aprelin 28-də Yaponiya parlamenti 2020-ci ilin noyabrında Çin, Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasına (ASEAN) daxil olan 10 ölkə ilə birlikdə Asiya-Sakit okean regionunun 15 dövləti tərəfindən imzalanmış Hərtərəfli Regional İqtisadi Tərəfdaşlıq (RCEP) haqda razılaşmanı bəyənib.

AZƏRTAC xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Qeyd edilir ki, ötən ilin noyabrında imzalanmış sənəd ASEAN-a daxil olan 6 üzv dövlət və digər 3 ölkə tərəfindən ratifikasiya edildikdən 60 gün sonra qüvvəyə minəcək. Bu günə olan məlumata görə, razılaşma artıq Çin və Sinqapur tərəfindən ratifikasiya olunub.

RCEP razılaşması dünyada ÜDM-in, ticarət və əhalinin təqribən 30 faizini özündə birləşdirəcək azad ticarət zonasının yaranmasına səbəb olacaq. Eyni zamanda, bu, Yaponiyanın Çin və Cənubi Koreyanın iştirakı ilə birlikdə qoşulduğu ilk ticarət sövdələşməsi olacaq.

Bildirilir ki, razılaşma əmtəələrin 91 faizinə tariflərin tətbiqini ləğv edir və azad ticarətə yardım etmək üçün investisiyalara və əqli mülkiyyətə münasibətdə ümumi qaydaların yaradılmasını nəzərdə tutur.

Yaponiya hökuməti bu razılaşmanın ölkə üzrə ÜDM-in 2,7 faiz artmasına və 570 min yeni iş yeri açılmasına səbəb olacağına ümid edir.

Qeyd edək ki, RCEP razılaşmasına ASEAN üzvü olan 10 ölkə - Bruney, Kamboca, İndoneziya, Laos, Malayziya, Myanma, Filippin, Sinqapur, Tailand və Vyetnam, həmçinin Yaponiya, Çin, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya daxildir. Təsisçi üzv statusunda olan Hindistan Çin ilə ticarət defisitinin artmasından ehtiyat etdiyinə görə, 2019-cu ilin noyabrından razılaşma üzrə bütün danışıqlardan çıxıb.

Mütəxəssislərin proqnozlarına görə, 2050-ci ildə RCEP üzvü olan ölkələrin ümumi ÜDM-i 100 trilyon dolları ötə bilər.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.