DÜNYA


Yaponiya parlamenti Trans-Sakit okean Tərəfdaşlığı üzrə yeni razılaşmanı ratifikasiya edib

Tokio, 18 may, AZƏRTAC

Yaponiya parlamentinin aşağı palatası Trans-Sakit okean Tərəfdaşlığı (TPP) üzrə 11 iştirakçı ilə imzalanan yeni razılaşmanı ratifikasiya edib.

AZƏRTAC xəbər verir ki, aşağı palatanın deputatlarının əksəriyyəti mayın 18-də keçirilən müzakirələr zamanı razılaşmanın lehinə səs verib.

Xatırladaq ki, TPP üzrə razılaşma artıq ikinci dəfədir ki, yapon parlamentarilər tərəfindən ratifikasiya olunur. ABŞ-ın da daxil olduğu ilk razılaşma deputatlar tərəfindən 2016-cı ilin sonlarında bəyənilmişdi.

TPP üzrə ilk razılaşmanın ilk variantı 2016-cı ilin fevralında yeddi il davam edən müzakirələrdən sonra Yeni Zelandiyada imzalanmışdı. Həmin vaxt 12 iştirakçı ölkə - Avstraliya, ABŞ, Bruney, Vyetnam, Kanada, Malayziya, Meksika, Yeni Zelandiya, Peru, Sinqapur, Çili və Yaponiya əmtəələrin, xidmətlərin, kapitalın və texnologiyaların azad hərəkət edəcəyi yeni zonaya daxil olmalı idi. Lakin Donald Tramp ABŞ-ın Prezidenti seçildikdən sonra razılaşmanın ölkəsinin mənafelərinə cavab vermədiyini bildirərək ondan imtina etdiyini bəyan edib.

ABŞ-ın razılaşmada iştirakdan imtina etməsinə baxmayaraq, digər iştirakçı ölkələr məsləhətləşmələri davam etdirərək cari ilin yanvarında Tokioda keçirilən görüşdə sənədin yeni variantının hazırlanması barədə razılığa gəliblər. Yeni razılaşma ötən həftə Çilidə 11 iştirakçı dövlətin ticarət nazirləri tərəfindən imzalanıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.