DÜNYA
Yaponiya parlamentinin aşağı palatası əcnəbi işçilərin qəbulu barədə qanun layihəsini bəyənib
Tokio, 28 noyabr, AZƏRTAC
Yaponiya parlamentinin aşağı palatası ölkədə işçi qüvvəsi çatışmazlığının aradan qaldırılması məqsədilə daha çox əcnəbi işçinin qəbulu barədə qanun layihəsini bəyənib.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, immiqrasiya haqqında qanun layihəsinə düzəlişlər noyabrın 27-də deputatların əksəriyyəti tərəfindən bəyənilib. Bundan sonra sənəd yekun təsdiq üçün parlamentin yuxarı palatasına göndərilib.
Yaponiya hökuməti kənd təsərrüfatı və ehtiyacı olanlara xidmət göstərilməsi sahələri də daxil olmaqla 14 istiqamətdə əcnəbi işçiləri qəbul etməyi planlaşdırır. Bununla yanaşı, qanun layihəsində yeni proqramın detalları barədə məlumat verilmir.
Yaponiyanın hakim koalisiyası qanun layihəsinin müzakirəsinə noyabrın 28-də Baş nazir Şinzo Abenin iştirakı ilə başlamaq niyyətindədir.
Müxalifət partiyaları isə hakim bloku bu qanun layihəsini zorla irəlilətməkdə günahlandırırlar.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio