DÜNYA
Yaponiya parlamentinin aşağı palatası növbəti maliyyə ili üçün dövlət büdcəsini təsdiq edib
Tokio, 22 fevral, AZƏRTAC
Fevralın 22-də Yaponiya parlamentinin aparıcı aşağı palatası 2022-ci il aprelin 1-də başlayacaq növbəti maliyyə ili üçün dövlət büdcəsini rekord məbləğdə - 107,59 trilyon yen (940,7 milyard dollar) məbləğində təsdiq edib.
AZƏRTAC Yaponiya Nazirlər Kabinetinə istinadla xəbər verir ki, növbəti maliyyə ili üçün xərclərin həcmi cari büdcəni təqribən 1 trilyon yen (8,7 milyard dollar) ötəcək. Bu isə ölkə tarixində ən böyük göstərici olacaq.
Bildirilir ki, yeni büdcə hesablanarkən dövlət xəzinəsinin növbəti maliyyə ilində 65 trilyon yen (567 milyard dollar) vergi daxilolmaları alacağı nəzərdə tutulub. Yaranacaq defisitin yerini doldurmaq üçün Nazirlər Kabineti ümumi dəyəri təqribən 40 trilyon yen (349 milyard dollar) məbləğində dövlət istiqrazları buraxacaq.
Əhalinin sürətlə qocalması və azalması səbəbindən büdcə vəsaitinin təqribən üçdəbiri sosial ehtiyaclara və səhiyyəyə ayrılıb. Hökumət bu istiqamət üçün 36 ,2 trilyon yen (316 milyard dollar) nəzərdə tutub.
Eyni zamanda, hökumət müdafiə xərclərini də artırıb. Belə ki, növbəti maliyyə ilində müdafiə xərcləri 5,37 trilyon yen (46,9 milyard dollar) təşkil edəcək ki, bu da rekord səviyyədir. Həmin vəsaitin yeni silahların, xüsusən raketdən müdafiə sistemlərinin alınmasına sərf ediləcəyi gözlənilir. Bundan əlavə, Yaponiyanın “Aegis” sisteminə malik iki yeni gəmi inşa edəcəyi, yeni nəsil qırıcılar alacağı da bildirilir.
Büdcə layihəsinin yaxın vaxtlarda parlamentin yuxarı palatasında müzakirəyə çıxarılacağı gözlənilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio