DÜNYA
Yaponiya parlamentinin yuxarı palatası referendum barədə qanunu qəbul edib
Tokio, 11 iyun, AZƏRTAC
İyunun 11-də Yaponiya parlamentinin yuxarı palatası üç il davam edən müzakirələrdən sonra milli referendum haqqında yenidən baxılan qanunu qəbul edib.
AZƏRTAC xəbər verir ki, əlavə dəyişikliklərin təklif edildiyi qanun hakim Liberal Demokratik Partiyası (LDP), onun koalisiya tərəfdaşı Komey-to Partiyası və əsas müxalifət partiyası olan Konstitusiyalı Demokratlar Partiyasından (KDP) olan deputatların səs çoxluğu ilə qəbul edilib.
Xatırladaq ki, qanun layihəsi parlamentin aşağı palatası tərəfindən ötən ay təsdiqlənib.
Qeyd edək ki, qəbul edilən yeni qanuna əsasən, konstitusiyaya dəyişikliklər məqsədilə təşkil ediləcək referendum zamanı vağzallarda və ticarət mərkəzlərində seçki məntəqələrinin təşkilinə icazə veriləcək.
Həmçinin bildirilir ki, yeni qanuna görə, balıqçılıq üzrə məktəblərin tələbələri gəmilərlə uzaq səfərlər zamanı səsvermə imkanına malik olacaqlar.
Qeyd edilir ki, parlamentin aşağı palatasında aparılan müzakirələr zamanı KDP-dən olan deputatlar qanun layihəsi qüvvəyə mindikdən sonra üç il ərzində KİV-də referendumla bağlı reklamların yerləşdirilməsi ilə əlaqədar qanunverici tədbirlərin qəbul olunmasını təklif ediblər. Bu sorğu hakim LDP tərəfindən qəbul olunub və hər iki tərəf yeni qanunun parlamentin cari sessiyasında qəbulu barədə razılığa gəlib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio