SİYASƏT


Yaponiya portalı Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı barədə məlumatlar yayıb

Tokio, 1 iyul, AZƏRTAC

Yaponiyanın “ajmedia.jp” portalı Azərbaycanda təşkil edilən Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı barədə məlumatlar yayıb.

AZƏRTAC xəbər verir ki, yapon və ingilis dilində yayılan məlumatlarda iyunun 30-da Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransının işə başladığı qeyd edilir. Bildirilir ki, konfransın ilk günündə bu mühüm beynəlxalq tədbirdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev təşkilatın qarşısında duran çağırışlar və təşkilata rəhbərlik edən Azərbaycanın təklifləri barədə məlumat verib.

Qeyd edilir ki, “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan konfransa 40-dan çox ölkənin parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatının təmsilçiləri qatılıblar.

Üç gün davam edəcək konfransda “Bakı Bəyannaməsi” və “Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin İş Qaydalarına dair Nizamnamə” qəbul olunacaq, təşkilatın rəsmi loqosu və bayrağı təsdiq ediləcək, qurumun sədri və sədr müavinləri seçiləcək.

Bildirilir ki, tədbirdə iştirak edən nümayəndə heyətləri rəhbərlərinin ölkə rəsmiləri ilə görüşləri nəzərdə tutulub.

Həmçinin qeyd edilir ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransının iştirakçıları Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə, o cümlədən mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər edəcək, burada aparılan quruculuq və abadlıq işləri ilə tanış olacaqlar.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.